Polis Akademiyasının kursantları Alpaqut üzrə ikinci dünya çempionatında yüksək nəticələr qazanıblar

Bakıda keçirilmiş alpaqut üzrə ikinci dünya çempionatında gələcəyin polis zabitləri də əzmlə mübarizə aparıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, 24 ölkədən 500-dən çox idmançının alpaqut döyüş sənətinin beş növü – aypara, batur, caymaz, qurşaq və kaçut üzrə mübarizə apardığı çempionatda Azərbaycan 200-dən çox idmançı ilə təmsil olunub. Üç gün davam edən dünya çempionatında Azərbaycan komandası ümumi hesabda birinci yeri tutub. Türkiyə komandası ikinci, İran alpaqutçuları isə üçüncü yerə layiq görülüblər.

Bu yarışda Azərbaycan milli komandasının tərkibində Daxili İşlər Nazirliyi Polis Akademiyasının fiziki hazırlıq kafedrasının müəllimi, polis leytenantı Natiq Eminovun rəhbərliyi ilə beş idmançı medallar uğrunda mübarizə aparıb. İdmançılar alpaqut döyüş sənətinə daxil olan kaçut (silahsız özünümüdafiə və silahlı şəxsi zərərsizləşdirmək) sistemində yarışıblar. Gərgin idman mübarizəsinin yekununda gələcəyin polis zabitlərinin 2-si qızıl, 3-ü isə gümüş medal qazanıblar.